Siyasətçi

Ayna Sultanova kimdir?

Sultanova Ayna Mahmud qızı ictimai-siyasi xadim, Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, “Şərq qadını” jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri.

Ayna Sultanova həyatı

Ayna Sultanova 1895-ci ildə Şabran rayonunun Pirəbədil kəndində anadan olmuşdur. 1912-ci ildə Bakıda yerləşən”Müqəddəs Nina” gimnaziyasını uğurla bitirmişdir. Təhsilini başa vurduqdan sonra o, həmin məktəbdə müəllim kimi işləməyə başlamışdır.

Həyat yoldaşı Həmid Sultanov Şaumyanın ən yaxın silahdaşı, qardaşı Qəzənfər Musabəyov isə inqilabçı olmuşdur. Sovet dövrü ədəbiyyatlarından və arxiv sənədlərindən bəlli olur ki, Ayna Sultanova qatı bolşevik, Azərbaycanda bolşevik partiyasına ilk yazılan Azərbaycanlı qadın olmuşdur.

Şaumyanın qurduğu kommunaya qoşulan və bolşevik ideyasının ən fəal davamçısı olan Ayna Sultanova özü-özlüyündə fəaliyyəti ilə bərabər bir  tarixdir.

Ayna Sultanova Bakı Kommunasının süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini davam etdirmişdir.  Həştərxana səfər edərək Müsavat hakimiyyətini yıxıb, onun yerinə  kommunist sistemli bir ölkə qurmaq üçün bolşeviklərə yaxından köməklik göstərmişdi. Bu dövrdə A.Sultanova Rusiya Kommunist Partiyasının Həştərxan Quberniya Komitəsi müsəlman bölməsi rəyasət heyətinin üzvü və Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri olmuşdu.  Ayna sultanova1919-cu ilin avqustunda təhsilini davam etdirmək üçün Moskvaya Y.Sverdlov adına kommunist universitetinə göndərilmişdir.  Bu dövrdə o,  eyni zamanda RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi olaraq fəaliyyətinə davam etmişdir.

A.Sultanova XI Qırmızı Ordu Azərbaycana daxil olduqdan sonra Bakıya geri dönmüş və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsi müdirinin müavini, sonra müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin orqanı olan “Şərq qadını” jurnalının ilk redaktoru olmuşdur. Aynan Sultanova 1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı və bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışmışdır.

Ayna Sultanova ölümü

1938-ci ildə Ayna Sultanova qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanov ilə bir yerdə repressiyaya məruz qalmış və xalq düşməni kimi güllələnmişdir.

Ayna Sultanovanın heykəli 1986-cı ilin aprel ayında Leninin anadan olmasının 116-cı il dönümü münasibətilə hazırlanıb. Bu heykəlin müəllifi yeganə qadın heykəltaraşımız Münəvvər Rzayevadır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close
Close