Rasim Balayev kimdir?
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948, Ağsu rayonu Azərbaycan kino aktyoru, Azərbaycan SSR xalq artisti 1982 Azərbaycan SSR Dövlət mükafatı lauratı (1986), Prezident təqaüdçüsü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri (2022-ci ildən) və keçmiş katibi (1990–2013).
Rasim Balayev Kimdir?
Öyrənməyə çox həvəsi olduğundan 5 yaşında artıq əlifbanı bilir, 6 yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. Rasim Balayev 1954-cü ildə – 6 yaşında (həmin illərdə bu fərqlilik sayılırdı) Ağsu şəhərində birinci sinfə daxil olur. Rasim Balayev 1965-ci ildə orta məktəbi bitirdikdən sonra böyük sənətkar Səməndər Rzayev onda aktyorluq peşəsinə dərin maraq oyatdı, qəlbində illərlə gəzdirdiyi arzusunu qanadlandırdı. O, Bakı şəhərinə gələrək M.A.Əliyev adına Teatr İnsitituna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ) daxil oldu. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.
Rasim Balayevin Fəaliyyəti,
Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı “Nəsimi“, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rol oynamışdır.
“Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilmişdir. Görkəmli sənətkar Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda ekranlaşdırılan 70 filmdə sanballı rolları ifa edib. Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq artisti idi.
Rasim Balayev onlarla əcnəbi filmin dublyajında da müxtəlif xarakterli obrazları səsləndirib. Uşaqlıq kumiri Rac Kapurla bir səhnədə mükafat alıbdır .Ən yaxşı kişi roluna görə nominasiyanın qalibi olub. Ömür boyu bir aktyorun ala biləcəklərini yalnız Nəsimi roluna görə aldı. O vaxt cəmi 25-26 yaşı var idi. Nəsimi rolu onun həyatının dönüş nöqtəsi olur. Rejissor həmin rol haqqında bunuları bildirmişdir: “Rasim elə ilk baxışdan diqqətimi cəlb etdi. Yaxından tanış olduqda bu ucaboy, mənalı gözlərində gizli bir ağrı, həyəcanlı bir nigaranlıq, həssaslıq, qibtə və fərdilik gördüm.
Bəlkə də Rasim özü bunları bütün dərinliyi ilə bilmirdi. Bəlkə də mənim əsas köməyim bu oldu ki, Rasimi öz yaradicılıq xəzinəsi ilə, öz çoxcəhətli istedadının boyaları ilə tanış etdim. Altı aya yaxın məşq etdik. Rasim özünü bir istedad, bir yaradıcı, yaxşı imkanları olan aktyor kimi kəşf etdi və özü öz gücünə inandı. Bu inam isə Nəsimi obrazını yaratmaq üçün idi. Onun dil, tələffüz mədəniyyəti qənaətbəxşdir, əruz vəznində Nəsimi qəzəllərini oxuyanda isə bizi də, tamaşaçıları da sarsıda bildi. Kadrdan-kadra nəsimiləşdi. Onun bütün varlığından Nəsimi ehtirası, Nəsimi şeiriyyəti, Nəsimi dəyanəti sızmağa başladı.Hamı məni qınadı ki, elə bir obrazı gənc, təcrübəsiz aktyora həvalə etməklə iflas edərsən, riskə getmə.
Getdim, amma inandım ki, bu risk deyil, bu gənc çox istedadlıdır, mənə onda öz istedad və bacarığına inam yaratmaq qalırdı ki, o, Nəsimiləşsin Buna görə də həm Ümumittifaq Kino Festivalında, həm də Daşkənddə keçirilən Beynəxalq festivalda Rasim Balayevin aktyorluq sənəti və məharəti çox yüksək qiymət aldı”. Nəsimi rolunu oynadığı zaman, Nəsimin dərisininn soyulma səhnəsində o əzabı simasında verə bilsin deyə, ovcunun içində saxladığı mismarı var gücü ilə sıxıb ətinə pərçimləyir, Mismar onun ovcunu parçaladıqca Nəsimi dərisi soyularkən yaşadığı cismani əzabı yaşayır və bu, onda təbii alınır. Filmin ilk nümayişinin səhəri o, artıq bütün Sovet İttifaqında məşhur idi.
31 yaşında isə Babəki rolunu oynayıb. Rasim Balayev 170-ə qədər filmdə yüksək sənətkarlıq, məharət nümayiş etdirərək Azərbaycan kino tarixinin qüdrətli simalarından birinə çevrildi.“Pravda” qəzetində Rasim Balayev Beynəxalq kino festivalının kəşfi kimi qeyd olundu”. 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci il mayın 31-dən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini ilə təltif etmişdir.
Rasim Balayevin ailə həyatı
Rasim Balayev öz əmisi qızı ilə sevərək ailə həyatı qurub və iki oğlu var.