Üzeyir Hacıbəyov kimdir?
Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov — Azərbaycan, Sovet bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki “Stalin” mükafatı laureatı (1941, 1946). “Lenin” ordeni kavaleri (1938).
Həyatı
Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də anadan olub. İlk təhsilini Şuşada alıb. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri onun musiqi tərbiyəsində əvəzsiz rol oynayıb. Dahi Üzeyirin ilk müəllimi Azərbaycan musiqisinin bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olub.
Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Onun dünyagörüşünün formalaşmasında bu seminariya böyük rol oynayıb. Qori Seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü deyəcək Müslüm Maqomayevlə tanış olub. Seminariya illərindən başlayan bu dostluq sonralar həm də qohumluğa çevrilib. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohumluq əlaqəsi yaradıblar. Belə ki, Üzeyir Hacıbəyov Məleykə xanımla, Müslüm Maqomayev isə Badigülcamal xanım Terequlova ilə evlənib.
Üzeyir Hacıbəyov 1911-ci ildə musiqi təhsili almaq üçün Moskvaya gedib və filarmonik cəmiyyətin nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almağa başlayıb,amma maddi ehtiyaca görə musiqi təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmağa məcbur olub. Burada yaradıcılıq fəaliyyətini davam etdirərək, yazdığı operaları səhnəyə qoymaqla məşğul olub.
Yaradıcılığı
Üzeyir Hacıbəyovun yaradıcılığında Qərb və Şərq musiqi üslubları birləşdirilib; onun tərəfindən Azərbaycan xalq musiqisinin elementləri klassik Avropa ənənələrinə uyğunlaşdırılıb. Bu metoddan istifadə edərək Hacıbəyov 1908-ci ildə Azərbaycan şairi Füzulinin eyni adlı poeması əsasında ilk Azərbaycan operası “Leyli və Məcnun”u yaratdı. 1909-cu ildə yaratdığı “Şeyx Sənan” adlı ikinci operası üslubuna görə sələfindən xeyli dərəcədə fərqlənirdi və əsasən müəllifin musiqisindən ibarət idi.
1910–1915-ci illər arasında yazılmış növbəti 4 opera ənənəvi Azərbaycan muğamı əsasında qurulmuşdur 1910-cu ildə “Rüstəm və Zöhrab”, 1911-ci ildə “Şah Abbas və Xurşud Banu”, 1912-ci ildə “Əsli və Kərəm”, 1915-ci ildə “Harun və Leyla” operalarını ərsəyə gətirib.
Bəstəkarın ən yaxşı əsəri 1936-cı ildə yazılmış “Koroğlu” operası hesab olunur. Bu əsərinə görə Üzeyir Hacıbəyova 1941-ci ildə “Stalin” mükafatı verildi. Ümumilikdə, o, 7 opera və 3 operetta yazmışdır: 1909-cu il “Ər və arvad”1910-cu il “O, olmasın bu olsun” və 1913-cü il “Arşın mal alan”. Hacıbəyov “Koroğlu” operası xaricində bütün əsərlərinin librettosunun müəllifi idi. Onun həmçinin yarımçıq qalmış “Firuzə” operası var idi. Bu əsəri bəstəkar İsmayıl Hacıbəyov tamamladı. Üzeyir Hacıbəyov “Sənsiz” (1941) və “Sevgili canan” (1943) kimi əsərlər yaradaraq “romans-qəzəl” adlı kamera vokal musiqisinin yeni janrını kəşf etdi.
Azərbaycan himni
1918-ci ildə bəstəkar Azərbaycan himnini bəstələdi. 1920–1991-ci illərdə Azərbaycanın SSRİ ittifaq respublikalarının tərkibinə daxil olması səbəbindən bu himn səsləndirilmirdi. Lakin 1930-cu ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 10-cu ildönümü münasibətilə Üzeyir bəy Azərbaycan SSR-in yeni himn sözlərini və musiqisini yazdı. Yeni himn ilk dəfə 28 aprel 1930-cu ildə Hacıbəyovun rəhbərliyi altında səsləndirildi.
1930-cu ilə aid Azərbaycan SSR-in himni kantata janrına oxşar olduğundan ona bəzən kantata da deyilir. Artıq 1944-cü ildə o, ittifaq respublikasının yeni himnini tərtib etdi, hansı ki Azərbaycan SSRİ-in tərkibindən çıxanadək səsləndirilirdi. 1991-ci ildə 1918-ci ilə aid köhnə himn yenidən “dövlət” statusunu aldı.
1920-ci illərin sonu və 30-cu illərin əvvəllərində o, xalq çalğı alətləri orkestri üçün ilk Azərbaycan kütləvi mahnılarını, kamera instrumental əsərlərini yaratdı (“Pambıq tarlalarında” süitası, “Çahargah” və “Şur” ladaları) və skripka, violonçel və fortepiano üçün kantatlar (o cümlədən “Füzulinin xatirəsinə “(1934)), orkestr (uverturalar) və xor əsərlərini bəstələmişdir.
1941–1945 müharibə illərində bir sıra vətənpərvərlik mahnılar (“Yaxşı yol”, “Şəfqət bacısı” və s.), “Vətən və cəbhə” kantatası və “Döyüşçülər marşı” (1942) uvertürasını yazmışdır.