Sahil Babayev Aydın Əzizovu işdən çıxarıb

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizovun qardaşı Aydın Əzizovu vəzifəsindən azad edib.
Nazirin imzaladığı müvafiq əmrlə Aydın Əzizov, Bakı şəhərində yeni təşkil olunan 1 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə baş müdiri vəzifəsindən uzaqlaşdırılıb.
Bu posta isə Səadət Əsgərova təyin edilib.
Xatırladaq ki, Aydın Əzizov 2018-ci ildən etibarən bu vəzifədə çalışırdı. O, daha öncə sürücüsü ilə bağlı yayılan xəbərlərlə gündəmə gəlmişdi. Belə ki, onun sürücüsü, Əzizovlar soyadından istifadə edərək bir neçə vətəndaşı aldadıb və onların maddi vəsaitlərini mənimsəyib.
Qeyd edək ki, Aydın Əzizov ixtisasca qulaq-burun-boğaz həkimidir.