Sahil Babayev erməni təcavüzkarlığına dair MDB Məşvərət Şurasının iclasında məlumat verib

Nazir Sahil Babayev erməni işğalçı siyasəti nəticəsində Azərbaycana qarşı hərbi təxribatları, ölkəmizin mülki əhalisinə qarşı raket və ağır artilleriya hücumları barədə MDB üzv dövlətlərinin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının videokonfrans formatında keçirilən XXXIII iclasında danışıb.

İclasa Azərbaycan, Belarus, Özbəkistan, Qazaxıstan, Moldova, Qırğızıstan, Tacikistan, Türkmənistan və başqa ölkələrin nazir və nazir müavinlərindən, əmək, məşğulluq, sosial müdafiə üzrə qurumlarının əməkdaşlarından, MDB İcraiyyə Komitəsi, MDB Parlamentlərarası Assambleyası, Beynəlxalq Əmək Təşkilatı, MDB Ümumhəmkarlar İttifaqları Konfederasiyası, MDB Dövlətlərarası statistika Komitəsi və s. təşkilatların səlahiyyətli nümayəndələrindən ibarət altmışa qədər nümayəndə qoşulub.

MDB İcraiyyə Komitəsinin sədr müavini Aqıbay Smaqulovun çıxışından sonra Sahil Babayev erməni terroru ilə bağlı məlumatları diqqətə çatdırıb. O, bildirib ki, otuz ilə yaxındır BMT qətnamələrinə məhəl qoymayaraq Azərbaycan torpaqlarının 20%-i işğal altında saxlayan Ermənistan ordusu Azərbaycana qarşı daha bir hərbi təxribat törədib. Hətta cəbhədən uzaq yerləşən yaşayış yerlərinə də Ermənistan ordusu tərəfindən artilleriya atəşləri, raket hücumları edilib.

Sahil Babayev erməni silahlı qüvvələrinin bütün beynəlxalq humanitar qaydalarını pozaraq mülki insanları hədəfə aldığını bildirib. Təkcə 4, 11 və 17 oktyabr tarixlərində ermənilərin Gəncəyə hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər ağır yara alıb. Son iki gün ərzində isə Ermənistanın cəbhədən aralı Bərdəyə ardıcıl raket hücumları edib və beynəlxalq hüquq əsasında qadağan olunan kaset bombaları atıb. Bunun nəticəsində Bərdədə qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla iyirmi beş dinc sakin həlak olub, səksəndən artıq insan isə ağır yara alıb.

Sahil Babayev erməni tərəfindən gələn təcavüzü dayandırmaq, mülki insanları qorumaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, ordumuz ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum tədbirləri görməyə məcbur olduğunu qeyd edib. Bu hərbi əməliyyatların beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz daxilində həyata keçirildiyini də Məşvərət Şurasının iştirakçılarının diqqətinə çatdırıb.

Ölkəmizdə son illərdə sosial və əmək sahəsində aparılan əsaslı islahatları vurğulayan nazir COVID-19 pandemiyasının iş dünyasına təsirlərini də iştirakçıların diqqətinə çatdırıb. O, deyib ki, son iyirmi səkkiz ildə MDB ölkələri sosial-iqtisadi və siyasi dəyişikliklər baxımından inkişaf edib. Eyni zamanda məşğulluq, əmək, miqrasiya və sosial müdafiə məsələləri MDB ölkələri üçün daha da əhəmiyyətli hal alır. Bu isə öz növbəsində dövlətlərarası əməkdaşlığın inkişafına da səbəb olur.

Azərbaycanın ötən il ərzində Məşvərət Şurasına sədrlik etdiyini söyləyən Sahil Babayev bu ilin virusla əlaqəli bütün çətinliklərə baxmayaraq ölkəmizin inqilabi islahatların öndündə olduğunu vurğulayıb.

İclas müddətində Ermənistan nazirinin Azərbaycanın guya atəşkəsi pozması və bu kimi bir sıra dezinformasiyalarına qarşı Azərbaycan tərəfi dolğun cavab verib.

Bir cavab yazın

Back to top button
Close
Close